Azərbaycanda və Qafqaz regionunda ilk mühərrik və sənaye yağları istehsalçısı olan “Technol” şirkəti ilə Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi arasında 2020-ci ildən etibarən əməkdaşlıq qurulmuşdur və birgə əməkdaşlıq çərçivəsində bir sıra tədbirlər həyata keçirilməkdədir.

Qeyd edək ki, “Technol” şirkəti müasir texnologiyalardan istifadə etməklə istehsalat prosesinin təkmilləşdirilməsini təmin etmək məqsədi ilə müəssisədə istifadə olunan yağ çənlərindən məlumatların əldə edilməsinin avtomatlaşdırılması qərarına gəlmişdir. Bu prosesin təmin olunması məqsədi ilə Mərkəz tərəfindən bir neçə təklif hazırlanaraq şirkətə təqdim edilmişdir. Hal-hazırda müəyyən olunmuş təklif üzrə Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin “Avtomatika” istiqamətinin mühəndis-pedaqoji heyəti sifarişin icrasına başlamışdır.

Görüləcək iş çərçivəsində, sürtkü yağlarının ehtiyat səviyyəsinin ölçülməsi üçün quraşdırılmış sensorlar vasitəsilə, çənlərdən məlumatların birbaşa cihaz panelinə ötürülməsi təmin olunacaqdır. Qeyd edək ki, bu proses daxilində real vaxt məlumatlarının Proqramlaşdırıla bilən Məntiq Kontrolleri (PLC) vasitəsilə birbaşa olaraq HMI ekranına ötürülməsi imkanı təmin olunacaq.

Tərəflər gələcəkdə bir sıra birgə layihələrin həyata keçirilməsi istiqamətində müvafiq işlərin görülməsini uğurla davam etdirməkdədir.

Mətndə düzəliş təklif et