Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi əməkdaşlıq çərçivəsinin genişləndirilməsi istiqamətində fəaliyyətini davam etdirməkdədir. 13.10.2020-ci il tarixində Mərkəz Audi markalı avtomobillərin rəsmi idxalçısı olan “Dream Auto” MMC şirkəti ilə anlaşma memorandumu imzaladı.
Yeni nəsil işçi qüvvəsinin hazırlanması istiqamətində birgə fəaliyyət göstərəcək hər iki təşkilat kifayət qədər təcrübə və istehsalat proseslərinin həyata keçirilməsi üçün zəngin maddi-texniki bazaya, geniş elmi-texniki laboratoriyalara və təcrübəli ixtisaslı kadrlara malikdir. Belə ki, təhsilalanların bilik və bacarıqlarının təkmilləşdirilməsi, onların elmi-texniki potensialının gücləndirilməsi və eləcə də, qlobal bazarın tələblərinə uyğun ixtisaslı kadr hazırlığının həyata keçirilməsi, ölkədə müasir bazarın tələblərinə cavab verən bu iki müəssisə arasındakı əməkdaşlığın əsas istiqamətlərindəndir.
Qeyd edək ki, birgə fəaliyyət planında əksini tapmış layihələr çərçivəsində Master Classların, Avtomobil istiqamətində təhsil alanlar üçün seminar və təlimlərin keçirilməsi, tədris proqramdakı modullara dair rəylərin verilməsi, təcrübi proqramlar zamanı müəyyən olunmuş istiqamət üzrə texniki şöbələrin və mentorların müəyyən edilməsi də nəzərdə tutulmuşdur.
Baza biliklərinə yiyələndikdən sonra istehsalat təcrübəsinə cəlb olunmuş və yüksək nəticələrlə qiymətləndirilmiş təhsilalanların mövcud vakansiyalar üzrə işlə təmin olunma imkanı da əməkdaşlıq çərçivəsinə daxil olan proseslərdən hesab olunur.
Mərkəzlə şirkət arasında dövlət-özəl tərəfdaşlıq modeli əsasında yaradılan bu əməkdaşlığın uğurlu nəticələrə imza atacağına əminik.