Peşə Təhsil Mərkəzi kadrların hazırlanması istiqamətində əməkdaşlıq əlaqələrini genişləndirir

19 yanvar 2021-ci ildə Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi ilə Mənzil İnşaatı Dövlət Agentliyinin tabeliyində olan “MİDA” MMC arasında hər iki müəssisənin geniş elmi və istehsalat bazasının, təcrübəli ixtisaslı kadrlarının mövcudluğunu, habelə müvafiq sahələrdə bilik və bacarıqlarının inkişaf etdirilməsinin zəruriliyi nəzərə alınaraq, razılaşdırılmış mövqelərini və birgə fəaliyyətini müəyyən edən Anlaşma Memorandumu imzalanmışdır.

Peşə Mərkəzinin şirkətlə əməkdaşlıq qurmasının əsas məqsədi Mərkəzin təhsilalanlarının ixtisaslı kadrlara çevrilməsinə dəstək verməkdən ibarətdir. Ölkədə müasir tələblərə cavab verən yeni nəsil işçi qüvvəsinin hazırlanması istiqamətində birgə fəaliyyət göstərəcək hər iki təşkilat kifayət qədər geniş elmi-texniki laboratoriyalara və istehsalat bazasına, təcrübəli ixtisaslı kadrlara malikdir. Əldə olunmuş razılığa əsasən “İnşaat”, “Sənayedə quraşdırma” və “Elektrotexnika” istiqamətləri üzrə birgə fəaliyyətlər nəzərdə tutulub. Həmçinin, memorandum çərçivəsində razılaşdırılmış 3 istiqamət üzrə peşəkar kadrların yetişdirilməsi məqsədilə birgə tədris proqramlarının hazırlanması, eləcə də şirkət nümayəndələri tərəfindən Mərkəzdə ixtisasartırma və təkmilləşdirmə kurslarından yararlanması nəzərdə tutulub. Qeyd edək ki, əməkdaşlıq çərçivəsində razılaşdırılmış istiqamətlər üzrə təhsilalanların istehsalat təcrübə proqramlarında iştirak etməsi, habelə təcrübə proqramlarındakı iştirakı müsbət dəyərləndirilmiş şəxslərin işlə təmin olunması nəzərdə tutulub.

Mətndə düzəliş təklif et