Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin “Avtomobil diaqnostikası və təmiri üzrə usta” ixtisasının növbəti uğurlu məzunlarından biri Sirac Həziyevdir. Sirac, Mərkəz haqqında öz fikirlərini və yeni tədris ilinin başlaması ilə əlaqədar yeni təhsil alacaq şəxslərlə öz tövsiyələrini bölüşdü.
Peşə təhsili almaq seçimi və Mərkəzdə aldığınız təhsil karyeranızın inkişafında nə kimi rol oynadı?
Peşə təhsili almaq mənim öyrənmək istədiyim sahə və inkişafım üçün kifayət qədər uğurlu seçim idi. Mərkəzdə aldığım təhsil müasir təhsil standartlarına uyğun bilik və bacarıqlar qazanmağıma səbəb oldu. Nəzəri öyrənilən biliklərin daha da möhkəmlənməsi praktiki dərslərin sayəsində mümkün olur, burada keçirilən praktiki məşğələlər isə kifayət qədər təcrübə qazanmaq və öyrəndiklərimizi artıq vərdiş halında tətbiq etməyə şərait yaradır. Mərkəzdə təhsil almaq seçimimin digər bir səbəbi isə Mərkəzin yaratdığı əməkdaşlıqlar nəticəsində işlə təmin olunma imkanımın olması idi. Həqiqətən də buradakı təhsilimi uğurla başa vurduqdan sonra karyeramda irəliləyiş baş verdi. Hal-hazırda “İmprotex Motors” (BMW) şirkətində “Avtomobil diaqnostikası və təmiri üzrə təcrübəçi” kimi fəaliyyət göstərirəm.
Yeni tədris ilindən Mərkəzdə təhsil alacaq tələbələrə tövsiyələriniz nədən ibarətdir?
Bu mərkəzdə təhsil almağınızın sizin inkişafınızda uğurlu addım olacağına əminəm. Burada 8 fərqli ixtisas üzrə təhsil almaq imkanınız var, hətta, 3 illik təhsil aldığınız halda subbakalavr dərəcəsi qazanırsınız və ali təhsil müəssisəsində bakalavr dərəcəsinə keçid imkanınız yaranır. Müasir texnologiyaya uyğun hər bir şəraitlə təchiz olunmuş emalatxanalarda praktiki məşğələlərdə təcrübə qazanacaqsınız. Ən əsas tövsiyəm odur ki, ixtisas seçimi edərkən sevdikləri peşə üzrə seçim etsinlər. Fikrimcə, peşəkar işçi olmaq üçün bu vacib şərtdir. Və seçdikləri peşə üzrə daim özlərini inkişaf etdirsinlər.