Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi 2019-2020 akademik ili üzrə məzun olan təhsilalanların uğur hekayələrini işıqlandırmağa davam edir. Bu siyahıda uğur qazanmış daha bir məzunumuz Asim Dadaşzadədir. Asim Mərkəzin “İnşaat ustası” ixtisasını bitirmişdir.
Mərkəz haqqında ümumi təəssüratınızı bizimlə bölüşə bilərsiniz mi?
Mərkəzdə təhsil aldığım müddətdə qazandığım bilik və bacarıqların karyera inkişafımda bir sıra üstünlükləri oldu. Peşəkar metodist-təlimçi heyəti sayəsində ixtisasıma olan maraq və həvəsim daha da artdı. Öyrəndiyimiz modulların texniki avadanlıqlar üzərində tətbiqetmə imkanı təlim proseslərini maraqla öyrənməyimdə mühüm rol oynayırdı. Mərkəzi seçməkdə başlıca səbəblərdən biri dərslərin Koreya modelinə əsaslanan proqram əsasında qurulması və əksər dərs hissəsinin praktiki məşğələlərə uyğunluğudur.
Hal-hazırda “Klassik” mebel evində mebel ustası kimi fəaliyyət göstərirəm. Düşünürəm ki, burada aldığım təhsil gələcək karyeramda mənə həmişə yardımçı olacaq.
Peşə məktəbi seçimində tərəddüd edən şəxslərə tövsiyəniz nə olardı? Bu Mərkəzdə təhsil almaq onlara nə qazandıra bilər?
Cari tədris ilinin təhsilalanlarına və ya gələcəkdə peşə təhsili almaq istəyən hər bir şəxsə bu Mərkəzi tövsiyə edərdim. Qeyd edim ki, Mərkəzdə fəaliyyət göstərən iki emalatxananın tədris prosesinin lazımi qaydada aparılması üçün standartlara uyğun tam maddi-texniki baza ilə təchiz olunması, tədris prosesini və praktik bacarıqların mənimsənilməsini asanlaşdırır.
Bu gün peşəkar usta kimi fəaliyyət göstərməyimdə Mərkəzin rolu əvəzolunmazdır. Düşünürəm ki, peşə təhsili almaq istəyən şəxslər öz istəkləri və maraq dairələrinə uyğun ixtisas seçsələr, karyeralarında düzgün addımlaya bilərlər. Belə ki, Mərkəzin qurduğu əməkdaşlıqlar sayəsində təhsilalanların istehsalat təcrübəsinə cəlb olunması və işlə təmin olunmasında çox böyük imkanlar vardır.