Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinə 2020-2021-ci tədris ilinə qəbul mərhələsinin 2-ci turu davam etməkdədir. Bununla əlaqədar məzunlarımızla olan uğur hekayələrimizə davam edirik. Növbəti müsahibimiz “Avtomatika üzrə usta” ixtisasının uğurlu məzunlarından biri Amil Hüseynovdur. O, peşə təhsilinə olan xüsusi marağı haqqında və avtomatika istiqamətində əldə etdiyi iş imkanları barədə məlumat verdi.

Necə oldu ki peşə təhsili almaq qərarına gəldiniz? Bu mərkəzdə təhsil almağın sizə nə kimi faydaları oldu?

Peşə təhsili almaq öz seçimim idi, çünki, bu mərkəz gəlməzdən öncə də bu sahəyə marağım var idi və özümü inkişaf etdirmək istəyirdim. Bu haqda araşdırıb mərkəzlə tanış oldum. Və qəbul prosesindən uğurla keçdikdən sonra “Avtomatika üzrə usta” ixtisasına qəbul olundum. Hal-hazırda Bravo Supermarketlər Şəbəkəsində texniki heyətin nümayəndəsi kimi çalışıram. Həqiqətən də oxuduğum müddətdə şahid oldum ki, mərkəzdə tədris proqramının 60-70%-i praktiki məşğələlərə əsaslanır. Bu isə nəzəri bilikləri praktikada möhkəmləndirməyə şərait yaradır və əldə olunan bilik və bacarıqları daha asanlıqla qavramaq olur. Mənim mərkəzdən qazandıqlarım bu gün işimi uğurla yerinə yetirməkdə mənə dəstək olur. Avtomatika sahəsində isə bir sıra yeniliklərlə tanış oldum. Ən maraqlı və yaddaqalan hissəsi isə elektronika və hidravlikada PLC vasitəsilə idarəetməni öyrənməyim oldu.

Növbəti tədris ilində mərkəzdə təhsil almaq istəyən şəxslərə tövsiyəniz nə olardı?

Seçilən ixtisasdan asılı olmayaraq əgər peşə təhsili almaq istəyirsinizsə, deməli, siz bilik və bacarıqlarınızı əsasən təcrübi proseslərlə yanaşı inkişaf etdirməyə önəm verməlisiniz. Bunun üçün isə bu mərkəzdə kifayət qədər inkişaf imkanınız olacaq. Çünki burada aldığınız nəzəri məlumatı dərhal tətbiqetmə imkanınız da olur. Bunun üçün sizin bələdçiniz peşəkar pedaqoji heyət və mərkəzdə yaradılan şərait olacaq. Burada öyrəndiklərimin nəticəsi olaraq indi daha məlumatlı və təcrübəliyəm, hal-hazırkı işimdə də bunun müsbət təsirini hiss edirəm.

Mətndə düzəliş təklif et