Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin direktoru Rəşad Xanlarov Stenford Universitetinin Peşəkar İnkişaf Mərkəzi və Qlobal İnnovasiyalar Katalizatoru təşkilatının birgə təşkil etdiyi “İnnovasiya Akselerasiya iX” Proqramında təlimçi qismində çıxış edib.
“İnnovasiya Akselerasiya iX” Proqramı 22 yanvar 2020-ci il tarixindən etibarən Azərbaycanda fəaliyyətə başlamışdır. 10 həftəlik onlayn və üzbəüz sessiyalardan ibarət proqram innovativ ideyaların biznesə çevrilməsi və yüksək texnoloji sahibkarlığın inkişaf etdirilməsi üçün nəzərdə tutulub. Sessiyalar beynəlxalq korporasiyalar və universitetlərin mütəxəssisləri tərəfindən həyata keçirilir. Stenford Universitetinin Peşəkar İnkişaf Mərkəzinin təlimçiləri və universitet professorları iştirakçılara mentorluq dəstəyi göstərirlər.
Proqramın 7-ci həftəsində Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin direktoru Rəşad Xanlarov layihələrin idarə olunması və planlaşdırılması təlimini keçmişdir. Təqdimat zamanı böyük korporasiyalar, xüsusilə neft-qaz sənayesində istifadə olunan layihələrin idarə olunması prinsiplərinin startap layihələrində tətbiqi əyani olaraq təqdim olundu. İnteraktiv məşğələ vasitəsi ilə presedent şəbəkəsinin tətbiqi nümayiş olundu.