Mərkəzin 44 yaşlı tələbəsi – müsahibə

“Mövcud ixtisaslar üzrə bu cür hazırlıq səviyyəsi məni təəccübləndirdi. Sevinirəm ki, ölkəmizdə belə bir mərkəz fəaliyyətə başlayıb. Çox xoşuma gəldi. Burda oxumağa qərar verdiyimə çox sevinirəm. Ancaq düşünürəm ki, bu mərkəzi inkişaf etdirmək lazımdır. Texniki sahə üzrə çoxlu ixtisaslar var”, - deyən də Bakı Dövlət Peşə Təhsil Mərkəzinin tələbəsidir. Özü də ən təcrübəli, vəzifəli, hətta yaşlı tələbəsi. 44 yaşlı Rüfət Əliyev sənaye quraşdırma ixtisası üzrə təhsil alır: “Hazırda Azərbaycanda əyləncə mərkəzlərindən birinin texniki müdiriyəm. Heç bir təhsilim olmayıb indiyə qədər. Sovet vaxtı işə götürürdülər. İstehsalatda təcrübə qazandıqca dərəcə verirdilər. Mən də bu cür dərəcə qazanmışam. Ancaq artıq dövr fərqlənir. Yiyələndiyin peşə üzrə sənədə ehtiyac yaranır”.

Elə bu ehtiyac mexanik kimi yetişmiş R.Əliyevi əlindəki peşəni daha da inkişaf etdirmək, bu peşə üzrə təhsil də almaq niyyətinə düşürüb: “Təhsil Mərkəzinin fəaliyyəti barədə xəbər proqramlarından məlumatlandım. Qərar verdim ki, burada təhsil alım. Həm təhsilim olsun, həm də təcrübəmi artırım”.

Özü kifayət qədər təcrübəli olan tələbə təhsil aldığı Mərkəzdə nə öyrənəcək? Onun sözlərinə görə, burada paylaşacağı və öyrənəcəyi çox şey var: “Kifayət qədər təcrübəliyəm. Hətta müəllimlərlə ixtisasım üzrə bir çox məsələlər ətrafında fikir mübadiləsi apara, biliyimizi paylaşa bilirik. Yeri düşəndə, tələbə yoldaşlarıma da kömək edirəm. Ancaq mənim də burada öyrənə biləcəklərim çoxdur. Məsələn, burada ixtisasım üzrə qaynaq üsulları var ki, mən onları indiyəcən görməmişəm. Burada onları öyrənəcəyəm ”.

Mətndə düzəliş təklif et