Çin nümayəndə heyətinin Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinə səfəri baş tutub
Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində Çin nümayəndə heyətinin iştirakı ilə rəsmi görüş keçirilib. Səfərin məqsədi peşə təhsili sahəsində təcrübə mübadiləsinin aparılması, qarşılıqlı əməkdaşlıq imkanlarının müzakirəsi və yerli peşə təhsil müəssisələri ilə əlaqələrin daha da inkişaf etdirilməsi olub.
Nümayəndə heyətinə Şanxay Çin Peşə Təhsili Cəmiyyətinin icraçı sədr müavini və qrup rəhbəri Xu Vey, ofis müdiri Bi Penyu, Şanxay Pudonq rayonunun Çin Peşə Təhsili Cəmiyyətinin sədr müavini Çen Tsyan, Demokratiyanın Təşviqi Assosiasiyasının Şanxay Komitəsinin baş katib müavini Zenq Rutin və Şanxay Xarici Əlaqələr Cəmiyyətinin sədr müavini Syon İn daxildir.
Görüş zamanı tərəflər peşə təhsili sahəsində beynəlxalq əməkdaşlığın genişləndirilməsi, birgə layihələrin icrası, innovativ tədris metodlarının tətbiqi və müasir peşə bacarıqlarının inkişafı istiqamətində fikir mübadiləsi aparıblar.
Səfər çərçivəsində nümayəndə heyəti üçün mərkəzdə infotur təşkil olunub. Qonaqlar mərkəzin struktur bölmələri, tədris sahələri və emalatxanaları ilə yaxından tanış olublar. Onlara burada tətbiq olunan tədris metodları, praktik bacarıqların formalaşdırılmasına xidmət edən müasir texniki avadanlıqlar, həmçinin tələbələrin təcrübə prosesində istifadə etdiyi innovativ təlim mühiti barədə ətraflı məlumat verilib.
Səfər, Azərbaycan və Çin arasında peşə təhsili sahəsində strateji əməkdaşlığın möhkəmləndirilməsi, tədris prosesində qabaqcıl beynəlxalq təcrübələrin tətbiqi və peşə təhsili sisteminin davamlı inkişafına dəstək baxımından mühüm əhəmiyyət kəsb edir.