Azərbaycan Kibertəhlükəsizlik Mərkəzinin həyata keçirdiyi “Beyin Mərkəzi” layihəsi çərçivəsində Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin tələbələrinin kibertəhlükəsizlik üzrə təlim proqramını uğurla başa vurması münasibətilə sertifikat təqdimetmə mərasimi təşkil olunub.

Tədbirdə İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin İnformasiya Təhlükəsizliyi departament rəhbəri Şahmar Hacıyəhyəyev və Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin direktoru Şaban Cəərçiyev çıxış edərək layihənin əhəmiyyətini vurğulayıb, kibertəhlükəsizlik sahəsində ixtisaslı kadrların hazırlanmasının ölkənin rəqəmsal təhlükəsizliyinin təmin olunmasında mühüm rol oynadığını qeyd ediblər.

Çıxışlarda bildirilib ki, həyata keçirilən təlim proqramı iştirakçıların kibertəhlükəsizlik sahəsində nəzəri biliklərinin möhkəmləndirilməsinə, praktiki bacarıqlarının inkişaf etdirilməsinə və onların müasir əmək bazarının tələblərinə uyğun peşəkar mütəxəssis kimi formalaşmasına mühüm töhfə verir. Proqram çərçivəsində tələbələr informasiya təhlükəsizliyi, şəbəkə təhlükəsizliyi, kibertəhdidlərin aşkarlanması və qarşısının alınması, eləcə də risklərin idarə olunması istiqamətlərində bilik və praktiki bacarıqlar əldə ediblər.

Tədbirin əsas hissəsində təlim proqramını uğurla başa vuran tələbələrə sertifikatlar təqdim olunub. Sertifikatlar iştirakçıların əldə etdikləri bilik və bacarıqların təsdiqi olmaqla yanaşı, onların gələcək peşəkar fəaliyyətində mühüm mərhələ kimi qiymətləndirilir.

Tədbirin sonunda tərəflər arasında kibertəhlükəsizlik sahəsində əməkdaşlığın davam etdirilməsi və bu istiqamətdə yeni təşəbbüslərin həyata keçirilməsi imkanları ətrafında fikir mübadiləsi aparılıb.

Mətndə düzəliş təklif et