Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi ilə Holberton School Azərbaycan arasında əməkdaşlıq memorandumu imzalanıb.
Memorandum çərçivəsində süni intellekt, informasiya texnologiyaları, proqramlaşdırma və kibertəhlükəsizlik sahələrində təhsilverən və təhsilalanların beynəlxalq təcrübədən faydalanması, peşəkar bilik və bacarıqlarının inkişaf etdirilməsi, həmçinin tərəflər arasında əməkdaşlığın genişləndirilməsi nəzərdə tutulur.
Holberton School 2015-ci ildə Silikon Vadisində təsis edilmiş beynəlxalq proqramlaşdırma məktəbidir. Holberton School Azərbaycan 2023-cü ildən etibarən PAŞA Holdinqin sponsorluğu və İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin (İRİA) dəstəyi ilə fəaliyyət göstərir. Hazırda məktəbdə Foundation, Python, Full-Stack Web Development, Machine Learning və Cybersecurity proqramları üzrə tədris həyata keçirilir və proqramları uğurla başa vuran məzunlara beynəlxalq səviyyədə tanınan sertifikat təqdim olunur.
Tərəflər arasında qurulan əməkdaşlığın peşə təhsilinin inkişafına, innovativ yanaşmaların tətbiqinə və rəqəmsal bacarıqların gücləndirilməsinə töhfə verəcəyi gözlənilir.